​Məhkəmə MMC-nin apellyasiya şikayətini təmin edib

​Məhkəmə MMC-nin apellyasiya şikayətini təmin edib İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib
Hadisə
18 Dekabr , 2015 12:41
​Məhkəmə MMC-nin apellyasiya şikayətini təmin edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Mega Laundry” MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh olunması barədə çıxarılan qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda apellyasiya şikayəti qismən təmin edilib. Xətai Rayon Məhkəməsinin qərarı ləğv olunub, inzibati xətalar haqqında materiallar yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Belə ki, bu ilin avqust ayının 26-da “Mega Laundry” MMC-nin direktoru Abdullayev İlkin Hacımurad oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Mirsəlim Seyidovun imzası ilə vətəndaş Əlizadə Fərid Emil oğlu tərəfindən, həmin MMC-də əmək hüquqlarının pozulması barədə məktub daxil olub. 5 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin əmək müfəttişi Aqşin Bəkirzadə 2 sentyabr 2015-ci il tarixli, 013241 saylı yoxlamanın aparılması haqqında qərara əsasən, sentyabrın 8-də “Mega Laundry” MMC-də yoxlama keçirib. Əmək müfəttişi A.Bəkirzadə keçirdiyi yoxlama zamanı MMC-də işçi ilə əmək müqaviləsi bağlamadan fiziki şəxslər işləri yerinə yetirməsinə cəlb edilməsi, İnzibati Xətalar Məcəlləsinin (İXM) 53.1-ci maddəsi ilə sentyabrın 9-da 003395 saylı inzibati xəta haqqında protokol tərtib edib. Həmçinin həmin müfəttişliyin rəisi M.Seyidovun 18 sentyabr 2015-ci il tarixli qərarı ilə “Mega Laundry” MMC hüquqi şəxs kimi 20 min manat miqdarında cərimə ilə inzibati tənbeh edilib.

Həmin qərardan “Mega Laundry” MMC-nin müdafiəçisi Kamandar Nəsibov məhkəməyə şikayət verib. Oktyabrın 29-da Xətai Rayon Məhkəməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin qərarını dəyişdirmədən saxlayıb. Daha sonra müdafiəçi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

“Mega Laundry” MMC-nin müdafiəçisi Kamandar Nəsibov “Report”a açıqlamasında bildirib ki, Dövlət Əmək Müfəttişliyinə daxil olan məktubda araşdırma aparılması üçün şəraitin yaradılması və sənədlərin müfəttişliyə təqdim edilməsi, dövlət nəzarətinin həyata keçirilməsinə müvafiq şəraitin yaradılmadığı təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilmənin zərurətinin yaranacağı qeyd edilib: “Bundan sonra müfəttişliklə əlaqə saxlanılıb, Əlizadə Fərid Emil oğlu adlı şəxsin “Mega Laundry” MMC-də heç vaxt işləmədiyi, orada əmək funksiyalarını həyata keçirməyən bir şəxsin əmək hüquqlarının pozulmasının qeyri-mümkün olduğu qeyd edilib. MMC-nin əməkdaşı Dövlət Əmək Müfəttişliyinin əmək müfəttişi Aqşin Bəkirzadə ilə görüşüb, ona "Mega Laundry” MMC-nin Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini pozmadığı izah edib. Bu barədə zəruri sənədlər isə onlara təqdim edilib. Həmin vaxt hər hansı bir protokol və ya akt tərtib edilməyib”.

Son xəbərlər

Orphus sistemi