Məhkəmə "Lotu Quli"nin yeznəsinin həbs müddətini uzadıb

Məhkəmə "Lotu Quli"nin yeznəsinin həbs müddətini uzadıb Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib
Hadisə
28 Fevral , 2017 16:35
Məhkəmə Lotu Qulinin yeznəsinin həbs müddətini uzadıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allaverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə V.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bu gün başa çatdığı elan olunub. Hakim qeyd edib ki, bunun üçün onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı məsələ müzakirə edilməlidir.

Dövlət ittihamçısı çıxışında həbs qətimkan tədbirinin uzadılmasını istəyib.

V.Hüseynovun vəkili Kamandar Nəsibov çıxışında söyləyib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham əsassızdır. O, hüquqlarını müdafiə etdiyi şəxsin şərlənərək həbs edildiyini deyib: "Buna görə də müvəkkilimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmamasını və onun azadlığa buraxılmasını istəyirəm".

Məhkəmənin qərarı ilə V.Hüseynovun barəsində seçilmiş həbs qətimkam tədbiri qeyri-müəyyən vaxtadək uzadılıb.

Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib.

Qeyd edək ki, İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.

V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.

İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən ibtidai araşdırlması üçün prokurorluğa göndərilib.

Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Fərid Nağıyev vəsatətlə çıxış edib. O, hakim Ə.Hacıyevə etiraz verib. Prokuror bildirib ki, Nadir Səlifovun ("Lotu Quli") məhkəməsi zamanı Ə.Hacıyev onun vəkili olub. Prokuror qeyd edib ki, bu, hakimin işdə maraqlı olması kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. V. Hüseynov da vəkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər Fikrət Qəribov və Rasim Sadıqov etirazla bağlı müşavirəyə gediblər. Müşavirədən sonra qərar açıqlanıb. Hakimlər etirazı təmin ediblər. Yeni hakim təyin olunana kimi isə proses təxirə salınıb.

Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.

Son xəbərlər

Orphus sistemi