Yuxarı

Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib

Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib
Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Əkbərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib.

Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb. O həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib.

Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və onun həyat yoldaşı Dəyanət Məmmədov haqqında ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə fırıldağına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra D.Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb. Məhkəmə qərarına əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib və 500 manat məbləğində cərimə edilib. Qərardan narazı qalan M.Əkbərov apellyasiya şikayəti verib.

Xatırladaq ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bu məhkəmə prosesindən sonra zərərçəkmiş A.Məmmədova prokurorluğa rəsmi qaydada ərizə ilə müraciət edib. O, M.Əkbərovun arvadı ilə əlbir olmaqda, onun barəsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə cinayət işi başlanmasını istəyib.

Lakin prokurorluqda aparılan araşdırmalardan M.Əkbərovun barəsində olan cinayət təqbinə xitam verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi