Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb

Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb Onun cəzası 3 ilə endirilib
Hadisə
166
23 Oktyabr , 2017 16:32
Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Əsgərov çıxış edib.

O bildirib ki, zərərçəkmiş Vidadi Əzizov xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb: "O, həmin şəxlər qarşısında öhdəlik götürüb. Biz də onu şübhəli şəxs qismində saxlamışdıq. Mən isə rəhbərliyin göstətişi ilə onun çantasını götürmüşəm. Bu işdə heç bir günahım yoxdur".

M.Əsgərov günahsız olduğunu və barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Məhkəmə heyəti müşavirəyə yollanıb.

Müşavirədən sonra prosesdə qərar elan edilib.

Qərara əsasən, M.Əsgərovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Zərərçəkmiş Vidadi Əzizovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır. Hökmdən narazı qalan M.Əsgərov apellyasiya şikayəti verib. O, günahsız olduğunu, V.Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib. Həmiçin iş adamı olan V.Əzizov da Bakı Hərbi Məhkəməsinin hökmündən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, M.Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib. Bundan başqa, V.Əzizov M.Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını da tələb edib.

Son xəbərlər

Orphus sistemi