Yuxarı

Məhkəmə hakiminin oğlunu avtomobillə vurub öldürən şəxsin qanında narkotik maddə tapılıb

Bakı şəhər Baş Polis İdarəsi və prokurorluğu rəsmi məlumat yayıb

Bakı. 21 may. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi və prokurorluğu paytaxtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report"a daxil olan birgə məlumatda bildirilib ki, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Kərimov Rəhim Yüzasif oğlu 11 may 2016-cı il tarixdə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus “Mercedes-Benz S350” markalı, 90 AA 669 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olarkən Bül-Bül prospektinə daxil olan zaman “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud surətdə pozaraq baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirib, əvvəl küçənin kənarında quraşdırılmış yol nişanını vurub, sonra isə səki üzərinə qalxaraq avtomobilin qabaq hissəsilə piyada - 1996-cı il təvəllüdlü, "ADA" Universitetinin tələbəsi Allahverdiyev Rüfət Elbəy oğlunu vurub səkinin kənarındakı binanın daş divarına sıxaraq çoxsaylı bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçıb.

R.Allahverdiyev “Sol bud və baldır sümüklərinin açıq sınığı, sol budda damar zədələnməsi, sağ baldırın açıq yarası, əzələ cırılması, hemorragik şok, massiv trasfüziya sonrası DİC” diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, iş üzrə məhkəmə-tibbi, kompleks məhkəmə tibbi-bioloji və kimyəvi, məhkəmə-kimyəvi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, hadisənin şahidlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilib, ərazidə olan təhlükəsizlik kameralarının görüntüləri götürülüb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində R.Kərimovdan götürülmüş tədqiqat nümunələrinin tərkibində “amfetamin”, “metamfetamin” və çətənə bitkisindən alınan “kannabinoid” adlı maddələr aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Kərimov mayın 14-də tutularaq istintaqa cəlb edilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi