Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb.
Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən mənzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.
Əvəz Məmmədov barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.