06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.
Bu barədə "Report"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib,1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.
Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.
Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə "Report"a FHN Mətbuat xidmətinfən məlumat verilib.
Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub: “1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Əlavə məlumat veriləcək”.
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
"Report"un cənub bürosu xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.
O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.
"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.
Masallıda köhnə bazar ərazisində yanğın başlayıb.
"Report"un cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, bazar ərazisində yerləşən mağazaların bir neçəsinə ciddi ziyan dəyib.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Qeyd edək ki, bazar 3 hektar ərazini əhatə edir.











