Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib

Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib Növbəti proses iyunun 6-da davam edəcək
Hadisə
2 İyun , 2017 12:39
Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib

Bakı. 2 iyun. REPORT.AZ Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib.

"Report"un məlumatına görə, baxış "Sahil" MTK-nın inşa etdiyi binada baş tutub.

Baxışda Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya, prokuror, M.Əhmədov, onun vəkilləri, zərərçəkmiş Yusif Əzizov da iştirak edib.

Binanın qarşısında zərərçəkmiş Y.Əzizov hakimə arayış verib. O, aqlay daşları, onların ölçüləri və qiyməti barədə danışıb. Sonra tərəflər binanın üzlüyünə və pilləkənlərə vurulan mərmər daşlara baxış keçiriblər.

Həmçinin, binanın qarşısında baxış keçirən hakimlər jurnalistlərin çəkiliş aparmasına imkan verməyiblər.

Bundan sonra hakimlər binanın içəri hissəsində olan daşlara da baxış keçiriblər.

M.Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, baxış zamanı müvəkkili haqlı çıxıb.

Növbəti proses iyunun 6-da davam edəcək.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi