Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib:
“Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.
Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.