"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı dindirilib

"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı dindirilib Növbəti proses oktyabrın 4-nə təyin edilib
Hadisə
27 Sentyabr , 2017 12:56
Lotu Qulinin yaxın adamının məhkəməsində polis əməkdaşı dindirilib
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərid İsgəndərov ifadə verib.

O, hazırda Gəncə Şəhər Polis İdarəsində işlədiyini bildirib: "2016-2017-ci illər arasında Ağstafa Rayon Polis İdarəsində müstəntiq vəzifəsində işləmişəm. Həmin ərəfədə Məhəbbət Namazovgilin Ağstafada olan mənzilində məhkəmə qərarı ilə axtarış həyata keçirdik. Evdə olan xanımın adını xatırlamıram. Ondan evdən götürülən əşyalar barədə soruşanda xəbərsiz olduğunu söylədi. O, axtarışa heç bir etiraz etmədi və hətta axtarış aparmağımıza da kömək edirdi".

M.Namazov qeyd edib ki, polislərin patron tapdıqları dedikləri yer evin içi olmayıb.

Məhkəməyə digər şahidlər gəlməyib. Hakim onların məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

Növbəti proses oktyabrın 4-nə təyin edilib.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. 

Xatırladaq ki, “Lotu Quli” hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.

Son xəbərlər

Orphus sistemi