Lənkəranda yol qəzası olub, xəsarət alan var
- 29 yanvar, 2021
- 20:28
Lənkəranda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhərin “Şəhidlər Xiyabanı” küçəsində qeydə alınıb.
Belə ki, İlkin Azər oğlu İsmayılzadənin idarə etdiyi BMW markalı, 99 UR 098 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq dəmir-beton konstruksiyalı elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı İ.İsmayılzadə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, avtomobil qəza zamanı dəmir-beton konstruksiyalı elektrik dirəklərini zədələdiyindən naqillər qırılıb. Nəticədə şərti olaraq “Su-8” adlandırılan yaşayış massivinə elektrik enerjisinin verilişi dayanıb.
Faktla bağlı araşdırma aparılır.