Lənkəranda yaşayış binasında yanğın olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə akademik Zərifə Əliyeva küçəsi bina 78/19, mənzil 50-də baş verib.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumları məlumatlandırılıb. Dərhal FHN-nin xilasedici heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Binanın kommunikasiya xətləri bağlanıb. Yanğın baş verən blokun sakinləri təxliyyə edilib. Mənzilin qapısı bağlı olduğundan xüsusi vasitələrdən istifadə etməklə içəri girmək mümkün olub. Yanıq və tüstüdən zəhərlənmə halı olmasa da həyəcandan halı pisləşən Nazilə Kərim qızı Rəhmanovaya hadisə yerinə cəlb edilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri ambulator yardım göstəriblər.
Yanğının elektrik avadanlığında baş verən qısaqapanma səbəbindən yarandığı, sonradan yaşayış sahəsinə keçdiyi bildirilir.