Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunda qeyri-çimərlik ərazi ilə bağlı tədbirlər görüb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir və bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur.
Belə ki, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6km aralı yerləşən qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb.
FHN-in dalğıc-xilasediciləri tərəfindən batan şəxslərin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla əlaqədar, FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb.
Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib.
Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub.
"Report"un Cənub bürosunun məlumatına görə, bu addım son günlərdə rayon ərazisində dənizdə batan şəxslərin artması səbəbindən atılıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu və FHN-nin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə qabaqlayıcı tədbirlər görüb.
Artıq çimərlikdə "Çimmək qadağandır" lövhələri quraşdırılıb. Eyni zamanda qadağan lentləri çəkilib, həmçinin dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib.
Bu tədbirlərin dənizin digər nəzarətsiz ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.