Lənkəran rayonunda ağır yol qəzası baş verib.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəklərinə, daha sonra isə hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Nəqliyyat vasitəsində olan daha dörd nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.