​Lamiyə Quliyevanın azadlığa çıxmaqla bağlı vəsatəti qəbul olunmayıb

​Lamiyə Quliyevanın azadlığa çıxmaqla bağlı vəsatəti qəbul olunmayıb O, törətdiyi əməllərdən peşman olduğunu bildirib
Hadisə
13 Fevral , 2015 13:30
​Lamiyə Quliyevanın azadlığa çıxmaqla bağlı vəsatəti qəbul olunmayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Apelyasiya Məhkəməsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan Lamiyə Quliyevanın Cinayət Məcəlləsinin (CM) 317.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2010-cu il tarixli hökmündən Baş Prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov tərəfindən verilmiş apelyasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə prosesinə hakim Qədim Babayev sədrlik edib.

Prosesdə L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev çıxış edərək onun barəsində mövcud olan azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi barədə vəsatətlə çıxış edib.

İş üzrə zərərçəkən - Aysel Ağayevanın vəkili Sücəddin Hacıbalayev həbs tədbirinin dəyişdirilməsinə etiraz etməyib.

L.Quliyevanın vəkilinin vəsatəti təmin edilməyib.

L.Quliyeva çıxışında törətdiyi əməllərdən peşman olduğunu bildirərək azadlığa çıxmaq istədiyini bildirib.

Prosesdə L.Quliyevanın övladı da iştirak edib.

Proses fevralın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən azadlıqdan məhrum edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Prokurorluğun verdiyi protest L.Quliyevanın son cinayət işi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi