Koronavirus: dünya sınaqdan necə çıxır? - MƏQALƏ

Koronavirus: dünya sınaqdan necə çıxır? - MƏQALƏ Dünya indi eyni rəngdədir. Daha doğrusu, eyni dərddədir: koronavirus (COVID-19) adlı taclı bəladan necə qurtulaq? Daha doğrusu, taclı bəlanın qoyub getdiyi izləri necə silək?
Hadisə
13 May , 2020 15:13
Koronavirus: dünya sınaqdan necə çıxır? - MƏQALƏ

Dünya indi eyni rəngdədir. Daha doğrusu, eyni dərddədir: koronavirus (COVID-19) adlı taclı bəladan necə qurtulaq? Daha doğrusu, taclı bəlanın qoyub getdiyi izləri necə silək?

Hər gün dünyanın ən inkişaf etmiş, hətta elmi-texniki tərəqqisi ilə öyünən ölkələrindən belə dəhşətli statistikalar eşidirik. Çin, İtaliya, Almaniya, Böyük Britaniya, İspaniya, Fransa... İnsanlar dəstə ilə tələf olur. Pandemiyanın qlobal miqyas almasından artıq 2 ay keçməsinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı hələ də təhlükənin qabaqda olmasından xəbər verir. Məsələn, ötən həftə ÜST rəsmisi xanım Margareta Harris açıq şəkildə ifadə etdi ki, təhlükə qarşıdadır, ikinci dalğa gözlənilir və dünya ciddi sınaq qarşısındadır.

Bəs bu ciddi sınaqdan ölkələr necə çıxır?

Çox təəssüf ki, dünyanın söz sahibi ölkələri pandemiyanın ilk günlərində həddindən artıq arxayın reaksiyalar verdilər. Dünyaya dahi riyaziyyatçılar, ən dəqiq hesablayıcılar bəxş edən xalqlar belə bu dəfə hesabda yanıldılar. Çətin məsələdir. ABŞ, İtaliya, Almaniya, Fransa və digər ölkələr vəziyyəti, bəlkə də, düzgün hesablaya bilmədikləri üçün bu gün bu ölkələrdə insanlar daha çox pandemiya qurbanlarına çevriliblər. Düzdür, sonradan bu ölkələrdə ciddi tədbirlərə əl atıldı, amma görünür, zamanı da nəzərə almaq atılan addımların başlıca şərti imiş...

Azərbaycan bu ümumbəşəri bəla olan pandemiyaya qarşı ilk gündən tədbirli davrandı. Ölkənin cənub sərhədində ilk xəstəlik faktı qeydə alınan kimi dövlət səviyyəsində qərarlar qəbul olunmağa başladı. Hətta Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirdi, Azərbaycanın bəzi Avropa ölkələrindən belə öndə olduğunu qeyd etdi.

Məsələn, COVID-19 pandemiyasına qarşı Azərbaycanın operativ reaksiyası və həyata keçirdiyi kompleks tədbirlər barədə Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA-da geniş material dərc edildi. Materialda dünya ölkələrinin bu qlobal çağırışa müxtəlif mübarizə üsulları ilə cavab verməyə çalışdıqları qeyd olunaraq, Azərbaycan təcrübəsinin nümunəvi xüsusiyyətləri sadalandı. Yazı müəllifi bu çətin günlərdə Azərbaycan təcrübəsindən yararlanmağa çağırış etdi.

Bir sıra beynəlxalq ekspertlər, araşdırmaçılar COVID-19 ilə mübarizədə Azərbaycan Respublikası Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımından bəhs edərək, digər iri dövlətləri nümunə götürüb, fəal olmağa çağırış etdilər.

Onu da nəzərə çatdıraq ki, Azərbaycan növbəti dəfə, may ayının əvvəlində də ÜST-yə əlavə 5 milyon dollar ianə köçürüb.

COVID-19 pandemiyasının hələ erkən mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin təlimatı ilə hökumət tərəfindən Operativ Qərargah yaradıldı. İctimai məlumatlılığı təmin etmək, o cümlədən bu məsələ ilə əlaqədar qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün www.koronavirusinfo.az informasiya portalı istifadəyə verildi.

İlk vaxtdan məhz dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın geniş yayılmaması, ağır nəticələr verməməsi üçün Azərbaycanda sosial izoliyasiya tədbirləri bütün çalarları ilə tətbiq edilməyə başladı. Əksər obyektlər, insanların toplaşdığı istər dövlət, istərsə də özəl müəssisələr müəyyən müddətə qapadıldı. İnsanların hərəkəti üçün SMS-lə icazə üsulu tətbiq edildi. “Evdə qal” kampaniyası bütün ölkə üzrə ilk günlərdən start götürdü. Sosial məsafənin saxlanılması bütün məkanlarda və strukturlarda başlıca şərtə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev açıq formada bildirdi: “Bizim üçün insanların sağlamlığı iqtisadi fəallıqdan daha önəmlidir”.

Həmçinin 19 mart tarixində Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildi. Azərbaycan Prezidenti, ölkənin Birinci Vitse-prezidenti bir illik əməkhaqqı məbləğini bu fonda ianə etdilər.

Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, COVID-19 pandemiyası ilə mübarizənin ön xəttində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi, pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il üzrə dövlət büdcəsindən Nazirlər Kabinetinə 2.5 milyard manatın ayrılması görülən işlərin vacib komponentləri kimi qeyd olunmalıdır. Ölkədə yeni tibbi maska fabriki və qoruyucu kombinezon istehsalı müəssisəsi fəaliyyətə başladı.

COVID-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizə üslubunda mənəvi dəyərlərin də xüsusi yer tutduğu vurğulamaq yerinə düşər. Azərbaycanın yerləşdiyi coğrafi və tarixi məkana görə azərbaycanlıların özünə məxsus həyat tərzi var. Belə ki, Prezident İlham Əliyevin bu infeksiyanın əsasən yaşlı nəslin nümayəndələri üçün ağır fəsadlar törətdiyi, lakin cəmiyyətimizdə yaşlı insanlara həmişə böyük hörmət göstərildiyi, belə mənəvi dəyərlərimizin bundan sonra da qorunmasının vacibliyi, eləcə də hazırkı şəraitdə hər bir vətəndaşın yaşlı nəslin nümayəndələrinə xüsusi qayğıkeşliklə yanaşmalı olduğu barədə Azərbaycan xalqına müraciəti oldu.

Dövlətin koronavirusla mübarizədə həmrəylik çağırışına ictimai reaksiyanın da yüksək olması elə ictimai müzakirələrdən hiss olundu. İnfeksiyanın geniş yayılmasının qarşısının alınmasında bu da olduqca önəmli faktor idi. Evdə qalmaq çağırışlarına əhalinin mütləq əksəriyyətinin əməl etməsi, bir-birinə yardım nümunələri, müxtəlif məzmunlu sosial aksiyalar cəmiyyətdə ruh yüksəkliyi yaratmaqla yanaşı, çətin sınaqlardan birgə çıxmaq, həmrəylik nümunəsi baxımından, mübaliğəsiz demək olar ki, tarixi əhəmiyyət kəsb edirdi. Bu dəfə hər kəs hamı üçün, o cümlədən, yaxınları, uzaqları, tanıdıqları, tanımadıqları - əslində isə bütün bəşəriyyət üçün məsuliyyət daşıyırdı...

Müəllif: Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi