Yuxarı

"Koroğlu" körpüsündə "intihar etmək" istəyənlərin statistikası açıqlanıb

Psixoloq: İntihar və şantaj etmək tamamilə fərqli anlayışlardır

Bakı. 26 dekabr. REPORT.AZ/ Cari ildə metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə intihar etmək istəyənlərin statistikası açıqlanıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən körpüdə 9 nəfər intihara cəhd edib və onlardan biri dünyasını dəyişib. Dünyasını dəyişən şəxs ilk dəfə intihara cəhd etmiş 27 yaşlı Rəfael Hümbətov olmuşdu.

Bu və digər ictimai yerlərdə intihara cəhd hallarının yayılması ilə bağlı "Psixologiya və Konsultasiya Mərkəzi"nin rəhbəri, psixoloq Elnur Rüstəmov "Report"a açıqlamasında deyib ki, körpüdə intihara cəhd edən insanlardan birinin ölməsi məhz ehtiyatsızlıq səbəbindən olub: "Həmin şəxs özünü təyin olunan yerə düzgün atmadığından betonun üzərinə düşərək öldü. Yəni o özünü öldürmək üçün həmin körpüyə çıxmamışdı. Sadəcə, aşağı düşəndə səhv yerə düşdü. Ümumiyyətlə, intihar və şantaj etmək tamamilə fərqli anlayışlardır. Bununla bağlı ortaya bir çox yanaşmalar qoymaq olar. İntihar edən, intihara meylli olan və risk qrupuna daxil olan anlayışları mövcuddur. Bəs risk qrupuna hansı növ insanlar daxildir? Həmin qrupa uzun müddət xəstəlikdən əziyyət çəkənlər, eləcə də tənha insanlar (intihara daha çox meylli olurlar), zərərli vərdişlərdən asılı olanlar, ailədaxili problemi olan ailələr və orada böyüyən yeniyetmələr aiddirlər. Bu qəbildən olan insanlar problemin həllini tapa bilməyəndə çıxış yolu kimi intihara əl atırlar. Burada həmçinin bioloji faktor da var. Misal olaraq, gendə də intihara cəhd edən insanlar olur".

İntihara meylli insanlar haqqında məlumat verən psixoloq E.Rüstəmov əlavə edib ki, həmin insanlar daha çox damarını üst qatdan kəsəcəklərini deməklə qarşılarındakını əslində şantaj edirlər: "Onlar bununla sadəcə evdəkilərin diqqətini çəkmək istəyirlər. "Koroğlu" körpüsündəki intihar hallarına gəlincə deyə bilərəm ki, bu gün hansı insanın problemi yoxdur ki? Harada insan var, deməli, orada da problem var. Lakin hər zaman həmin ərazidə intihar etmək istəyən insanlara köklənirik. Digər insanlar isə yaddan çıxır. Statistika aparmaq lazımdır ki, həmin hadisələr zamanı orada nə qədər nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır, yaxud da yoldan keçən insanların nələr yaşamasını kim düşünməlidir? Kim onların məsuliyyətini öz üzərinə götürəcək? Bu kimi hadisələrdən görün nə qədər insanlar travma alır. Təbii ki, biz ora çıxanı qınamırıq, lakin ora çıxmaq problemlərin həll olunması demək deyil. Bununla da "Koroğlu" körpüsü ilə bağlı artıq insanlarda pis təəssürat yaranıb. Hazırda elə fikir formalaşıb ki, kimin problemi olursa, ilk ağla gələn yer məhz həmin körpü olur. Nəzər yetirsək ki, bir çox ölkələrdə bu kimi hallar baş verir. Bir sözlə, bu kimi intihar etmək istəyənlər sırf diqqət çəkmək üçündür. Hesab edirəm ki, bununla bağlı ciddi tədbirlər görülməlidir. İlk olaraq intihar məqsədilə ora çıxanların motivi araşdırılsın və onlar haqqında müəyyən tədbirlər görülsün".

O, həmçinin vurğulayıb ki, qadınlar kişilərə nisbətən daha çox intihara cəhd göstərirlər: "Ancaq kişilər qadınlardan daha çox intihar edirlər. Qadın ola bilsin ki, daha çox cəhd etsin, lakin sonu intiharla bitməsin. Kişilər isə hər şeyi əvvəlcədən düşünüb intihar edirlər. Həll edilməmiş problemlər intihara cəhdə sövq edən əsas amillərdir. Misal olaraq, adi iş həyatında uğursuzluğa düçar olmaq sonradan özünə qapanma hallarına yol açır və bu da nəticədə intihara sürükləyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında da göstərilir ki, intihar edənlərin böyük qismi depressiyada olan insanlardır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi