Bu gün Azərbaycanın "ADY Konteyner" MMC ilə Çinin "Sian Continental Bridge International Logistics Co Ltd" şirkəti arasında "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə ekspeditor müqaviləsi imzalanıb.
"Report" xəbər verir ki, müqavilə bu gün Bakıda Azərbaycanla Çin arasında keçirilən ticarət və əməkdaşlıq forumunda imzalanıb.
Bununla yanaşı, "Kat Holdinq" ilə "Sian Maliyye Holding"i arasında və "Merkuri Group" MMC ilə Sianın Çanba ticarət şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.
Xatırladaq ki, Azərbaycan ilə Çin arasında 2019-cu ilin ilk beş ayında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib.
2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hazırda özündə 9 ölkəni birləşdirir. Ümumilkdə, dəhlizin nəqliyyat imkanlarından 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir.
Ümumilikdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Bu coğrafiyada isə 4,5 milyard nəfər yaşayır. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir.