Yuxarı
    Bağlamaq

    Konstitusiya Məhkəməsi kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarlara münasibət bildirib

    Bu qərar ombudsmanın sorğusu və Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilib

    Bakı. 1 iyun. REPORT.AZ/ Konstitusiya Məhkəməsi kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarlarla bağlı məsələlərə aydınlıq gətirib.

    Məhkəmədən "Report"a verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hüquqi mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla formalaşdırılır.

    Bir müddət əvvəl mətbuatda adı çəkilən kreditlərin xarici valyutada verilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması məsələsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında öz əksini tapıb.

    Bu qərar Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilib.

    Qərarda ilk növbədə, kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə zidd olub-olmaması məsələsinə aydınlıq gətirilmişdir. Bununla yanaşı, mülki qanunvericiliyin xarici valyutada olan kredit müqaviləsinin bağlanmasına, belə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müvafiq normaları, həmçinin pul vahidinin dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması şərh edilib.

    Birinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.

    Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

    Həmin Qərarda Konstitusiya Məhkəməsi bir sıra normativ hüquqi aktların müvafiq müddəalarını təhlil edərək hesab edib ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

    İkinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin müvafiq maddələrini şərh edərək belə nəticəyə gəlib ki, kredit müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Lakin müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

    Qeyd edilməlidir ki, oxşar qayda bir çox xarici dövlətlərin qanunvericiliyində də mövcuddur.

    Konstitusiya Məhkəməsinin Plenumunu onu da vurğulayıb ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir.

    Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Qərarın nəticə hissəsində əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsibarədə tövsiyə verib.

    Azərbaycan Respublikasının hüquq sistemini təhlil edən hər bir şəxs dərk edir ki, ölkəmizdə konstitusiya ədalət mühakiməsini həyata keçirən Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına, habelə qanunların şərh edilməsinə dair qərarlardahər-hansı tərəfin xeyrinə və yaxud ziyanına mövqe ifadə etmir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri Konstitusiyadan irəli gələn qanunvericilikdə hər hansı ziddiyətli və yaxud dolğun olmayan anlayışlara və yanaşmalara aydınlıq gətirməkdən ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi