Ukraynanın Kiyev vilayətinə ötən ilin son günü və bu ilin ilk 3 günündə müharibə müddətində ən böyük miqyaslı raket və dron hücumları olub. Bu müddət ərzində Kiyev səmasında İran istehsalı olan 57 "Şahid" pilotsuz uçan aparat məhv edilib.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba bildirib.
Onun sözlərinə görə, həmçinin, Rusiyanın Kiyev bölgəsi üzərində daim atdığı 23 qanadlı raket vuruldu:
"Məqsəd Kiyevin və regionun infrastrukturu idi. Bu rəqəmlər bizim hava hücumundan müdafiə qüvvələrimizin səmərəli işlədiyini göstərir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızdan daimi yardım alırıq. Hava hücumundan müdafiə sistemimiz effektiv işləyə və sakinlərimizi təcavüzkarın hücumlarından qoruya bilər. Digər tərəfdən deyə bilərik ki, Ukraynanın səması tam bağlı deyil və qanadlı raketlərlə və "Şəhidlər"lə hava hücumlarını davam etdirən Rusiyadan gələn təhlükəni aradan qaldırmaq üçün hələ çox işimiz var".
O.Kuleba bildirib ki, ümumiyyətlə, Kiyev vilayətində vəziyyət sabitdir:
"Bizdə bütün mühüm infrastruktur obyektləri işləyir, onların tam elektrik enerjisi var və biz bütün tapşırıqları yerinə yetirmişik, bayram günlərində Kiyevi və bölgəni 3 gün elektrik enerjisi ilə təmin etmişik. Beləliklə, düşmənə yeni il bayramımızı məhv etmək imkanı vermədik. Amma raket hücumları və "Şahid" hücumları zamanı çox təəssüf ki, 2 nəfər yaralanıb, lakin onlar yüngül bədən xəsarətləri alıblar, xəstəxanada deyillər. Bu 4 hücum zamanı bizim 28 fərdi yaşayış evimiz dağılıb, dağıntılar müxtəlif səviyyəlidir, elə evlər var ki, onlara ciddi ziyan dəyməyib, elələri var ki, orada əsaslı təmir lazımdır", - deyə, O. Kuleba əlavə edib.