Xüsusi təlim görmüş itlərdən əsasən mina və partlamamış hərbi sursatlarla genişmiqyaslı çirklənən ərazilərdə istifadə olunur.
Bu sözləri "Report"un Qarabağ bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloqu gizir Məqsəd Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda istehkamçılarla bərabər, ərazidə xüsusi təlim görmüş itlərdən də istifadə olunur: "Bu ərazilərdə çirklənmə miqyasının geniş olması itlərin fəaliyyəti üçün əsas yaradır. İtlər ən çox ərazilərin qısaldılması, həmçinin minalı ərazilərin aşkar edilməsi üçün daha əlverişlidir. Bu da istehkamçıların işlərinin daha da asanlaşması deməkdir. İtlər sayəsində bu vaxta qədər piyada və texnika əleyhinə olan minalardan başqa, həm də xeyli sayda digər partlamamış hərbi sursatlar aşkarlanıb".
M.Məmmədov ərazilərin pərakəndə şəkildə minalandığını vurğulayıb: "Qeyd etmək istəyirəm ki, ərazilərin minalanması zamanı düşmən heç bir normalara riayət etməyib, ərazini pərakəndə şəkildə minalayıb. Bütün bunlara baxmayaraq, tərəfimizdən minaların təmizlənməsi prosesi həyata keçirilir".