Keçmiş müstəntiqin məhkəməsində zərərçəkənlər ifadə veriblər

Keçmiş müstəntiqin məhkəməsində zərərçəkənlər ifadə veriblər Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hadisə
18 İyun , 2019 14:15
Keçmiş müstəntiqin məhkəməsində zərərçəkənlər ifadə veriblər

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkən Məhbubə Məmmədova bildirib ki, həbsdə olan oğlunun işinin daha yüngül maddəyə tövsif olunması və azadlığa buraxılması üçün cinayət işini aparan sabiq müstəntiq Bəhruz Quliyevə 5 min manat verib.

Zərərçəkən Dəyanət Əliyev isə deyib ki, həbs edilən qardaşının cinayət işindən ötrü keçmiş müstəntiq 15 min manat istəsə də, ona 7 min manat pul verib.

Zərərçəkən Telman Əliyev oğlunun cinayət işinə xitam verilməsi üçün təqsirləndirilən şəxsə 3 dəfəyə 5 min manat verdiyini deyib.

Zərərçəkən Elvin Novruzov isə bildirib ki, hərbi xidmətdən qayıdandan sonra polisə işə düzəlmək istəyib. B.Quliyevə onu 6 500 manata polis orqanlarına düzəldəcəyini vəd edib və pulu alıb.

Məsələyə münasibət bildirən təqsirləndirilıən şəxs onun dediyini təsdiqləyib və vurğulayıb ki, həmin məbləğ onun özünə qalmayıb, başqa birinə verib. "Sadəcə, əlimdə sübut olmadığına görə həmin adamın adını çəkə bilmirəm".

Apardığı cinayət işləri ilə əlaqədar rüşvət kimi aldığı məbləğlərlə bağlı da keçmiş müstəntiq eyni mövqeni bildirib.

Məhkəmə prosesi iyunun 19-da davam edəcək.

Qeyd edək ki, Bəhruz Quliyev Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (Külli-miqdarda dələduzluq) maddələri ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi