Yuxarı
    Bağlamaq

    Keçmiş MTN polkovnikinin məhkəməsində DTX əməkdaşı ifadə verib

    Həmin hadisələrdən 4 il müddət keçib, dəqiq xatırlamıram

    Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Elxan Mikayılov ifadə verib.

    O, zərərçəkmiş Vidadi Əzizovun saxlanılması ilə bağlı əməliyyat tədbirlərində iştirak etmədiyini söyləyib: "2012-ci ilin aprelində ümumu şöbənin rəisi Aydın Manafov məndən çanta istədi. Mən də həmin çantanı ona verdim. Sonradan həmin çantanı geri qaytarıblar".

    Hakim qeyd edib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasımda kəskin ziddiyyət var. Məhkəmədə E.Mikayılovun ibtidai istintaqa verdiyi ifadəsini elan olunub. O, ibtidai istintaqda dindirilərkən söyləyib ki, 2012-ci ilin aprelində Vidadi Əzizovun həbs edilməsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb: "Əməliyyatı 2-ci şöbənin rəisi Mirəziz Əsgərov və digərləri keçirib. Nazir işindən çıxanda dəhlizdə Mirəziz Əsgərovla rastlaşdıq. O, inspeksiyadan gəldiyini, Vidadi Əzizovun şikayət etdiyini, şikayətdə onun adının hallandığını dedi. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu da ona bildirdim".

    Şahid E.Mikayılov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib: "Həmin hadisələrdən 4 il müddət keçib, dəqiq xatırlamıram".

    Zərərçəkmiş V.Əzizov bildirib ki, ona verilən pul sellafon torbada olub. O, torbanı özünün götürmədyini qeyd edib: "MTN-də maşının baqajına qoydular".

    M.Əsgərov isə pulun idmançı çantasında olduğunu, onu zərərçəkmişin özünün apardığını ifadə edib: "Yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini söylədim. Elxan müəllim işin bitib-bitmədiyini soruşdu. Bu zaman o, çanta söhbətini yada saldı. Dedi ki, "nə məsələ olduğunu bilən bilir, daha səndən niyə şikayət edirlər?". Elxan müəllimə bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açmağını söylədim. Bu söhbətdən yarım saat sonra Aydın Manafovun otağında olduq. Məsələni orada da danışdıq".

    Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

    O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi