Yuxarı

​Keçmiş MTN-in tutduğu şəxslər Ali Məhkəməyə müraciət edib

Porosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri ilkin qərardan kassasiya şikayəti verib

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda təqsirləndirilən Zaur və Aftandil Mehdiyev qardaşları, Namiq Həsənov və Rauf Mirzəyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin müdafiəçiləri ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu tutulub.

Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd "Makarov" tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd "Naqan" tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr - heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı keçmiş MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur və Aftandil Mehdiyevlərin hər biri 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi