Sabiq deputatın cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Sabiq deputatın cinayət işi üzrə məhkəmə prosesi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
13 Noyabr , 2023 17:32
Sabiq deputatın cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Azərbaycan Beynəlxalq Bankının xüsusi nümayəndəsi bildirib ki, hadisə zamanı banka 17 milyon 765 min manat ziyan dəysə də, istintaq materiallarında bu məbləğ 6 milyon manat göstərilib.

Prokuror və hakim ittiham aktında zərərin 6 milyon 600 min manat olduğunu bildirib.

Mülki iddiaçının nümayəndəsi də çıxışında bank nümayəndəsi ilə fikrinin eyni olduğunu, banka dəymiş ziyanın həmin dövrün məzənnəsi ilə hesablanmalı olduğunu deyib:

“Əgər belə hesablanarsa, banka dəymiş ziyanın 17 milyon manat olduğu sübuta yetəcək”.

Prosesdə şahid qismində ifadə verən şahid Aydın Mehdiyev Cahangir Hacıyevin sürücüsü olduğunu qeyd edib:

“Həmin zamanlarda Cahangir Hacıyevin sürücüsü kimi çalışırdım. 2012-2013-cü illərdə Cahangir müəllim Beynəlxalq Bankdan kredit götürürdü. Məndən vərəqə imza atmağımı istədi və mən də yerinə yetirdim. Həmin kreditin məbləğindən, hara xərclənməsindən xəbərsizəm”.

Digər şahid Əbuzər Əliyevin sözlərinə görə, işə təzə girəndə hansısa sənədlərə qol çəkib:

“2010-cu ildə işsiz idim. Tekstil fabrikində fəhlə kimi işə başladım. Dünyamin Xəlilovun fabriki idi. 1 həftə keçmişdi mənim şəxsiyyət vəsiqəmi istədilər. Düşündüm işə qəbul olmaq üçündür, imzaladım. Amma o sənədlərin kredit üçün imzalandığından xəbərsiz idim. 2015-ci ildə uşağımın müalicəsi üçün Gürcüstana gedəndə yolda saxlanıldım. Dedilər ki, niyə 500 min manat borcu ödəmirsən? Bilmədim nədən danışırlar”.

Prosesdə bildirilib ki, Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyevin səhhətində problem yarandığından məhkəməyə gələ bilməyib. İclasda C. Hacıyevin ifadəsi elan olunub. O, ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına yüksək məbləğdə kreditlər rəsmiləşdirib:

“Ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub. Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə Prezidentin fərmanı ilə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, istintaqla D.Xəlilov və A.Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus "Şəki Bazarı" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət Xəlilov idarə edib

Son xəbərlər

Orphus sistemi