Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının məhkəməsində qonşusu ifadə verib

Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının məhkəməsində qonşusu ifadə verib Məhkəmənin növbəti məhkəmə iclası mayın 25-nə təyin edilib
Hadisə
23 May , 2017 17:19
Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının məhkəməsində qonşusu ifadə verib
Report

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zərniyar Zamanova ifadə verib.

O bildirib ki, təqsirləndirilən S.Məmmədovla qonşu olub. Şahid dindirilərkən qeyd edib ki, S.Əliyevi uşaqlıqdan tanıyır: "Həmişə onların ailəsi ilə münasibətlərimiz yaxşı olub. Samir evlərində həmişə ucadan danışırdı. Həmin gün onların evindən səs gəldi. Tez onun anası Rəhimə xanıma zəng etdim. O, məktəbdə iclasda olduğunu dedi. Evdə balaca nəvəmlə tək idik. Gedib onların qapısını döysəm də, açan olmadı. Nəvəm ağladı deyə, evə geri qayıtdım. Sonra Rəhimə xanım gəldi. O da qapını döydü, lakin heç kəs açmadı. Rəhimə xanım bizə keçdi və eyvana çıxıb, Samiri səslədi. Yenə cavab verən olmadı. Bir qədər sonra Ramin gəlib, qapını açdı".

Z.Zamanova ifadəsində mərhum Natəvan Əliyevanın yoxa çıxmasında da danışıb: "Həmin gün gəlinim zəng etdi ki, Kəmalə Natəvanı axtarır. Məndən onların evinə gedib soruşmağımı istədi. Bazardan evə qayıdandan sonra qapılarını döydüm. İçəridən Samirlə Məhəmməd çıxdı. Samir uşaqları idmandan gətirdiyini, Natəvanın isə evdə olmadığını, yəqin ki işə getdiyini söylədi".

Şahid S.Əliyevlə mərhum N.Əliyevanın boşanmasını oğlundan eşitdiyini bildirib: "Onlar boşanandan sonra da mehriban olublar. Birlikdə harasa getmələrinin dəfələrlə şahidi olmuşam. Amma son günlər Natəvan uşaqlarına yaxşı baxmırdı”.

Daha sonra digər şahid Eldəniz Abbasov əlavə şahid qismində dindirilib. O, təqsirləndirilən S.Əliyevi Nizami Rayon Polis İdarəsində işləyən dövrdən tanıdığını ifadə edib: "Samirgilin evlərinin yaxınlığında olan avtomobil dayanacağına nəzarət edirəm. O da həmin dayanacaqda avtomobilini saxlayırdı. İyunun 25-də gecə Samiri maşının içərisində oturduğunu və əlində telefonda oyun oynadığını gördüm. Həmin vaxt Samir mənə dayanacaqda maşınının saxlaması ilə bağlı aylıq haqqını verdi. Sonra Samir evinə, mən isə otağa gəldim”.

E.Abbasov söyləyib ki, ertəsi gün S.Əliyevin evinə polis əməkdaşlarının gəldiyini görüb: "Onun ikinci arvadı və uşağını götürərək, bölməyə apardılar".

Bu zaman S.Əliyevlə keçmiş qayınanası arasında mübahisə yaranıb. Qadın S.Əliyevi qızının qatili adlandırıb. Təqsirləndirilən şəxs isə keçmiş qayınanasının ünvanına xoşagəlməz ifadələr işlədib. Hakim onların mübahisəsini sakitləşdirəndən sonra S.Əliyev deyib ki, N.Əliyevanı qətlə yetirilməsindən xəbəri olmayıb.

Prosesdə S.Əliyevin vəkili Azər Rəsulov əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. O, vəsatətində Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidova və Gülgəz Süleymanovanın dindirilməsi üçün qərar qəbul edilməsini istəyib.

Məhkəmə vəsatəti qismən təmin edib və qərara alıb ki, əlavə şahidlərdən Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidovanın dindirilməsi təmin edilsin.

Daha sonra S.Əliyev cinayət işinin ibtidai istintaqını araşdıran müstəntiq Aslan İbrahimovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti məhkəmə iclası mayın 25-nə təyin edilib.

Xatırladaq ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi