Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Kapital Bank" ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib. Flialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev gecə saatlarında içəridən səs gəldiyini eşidib. Ətrafı axtarmağa başlayan mühafizəçi bankın binasında gizlənən H.Əliyevi aşkar edib. H.Əliyev bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib.
Mühafizəçi diz nahiyəsindən yaralandığından vəziyyətdən istifadə edən sürücü hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları H.Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.