Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Mühnen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzmüşlər. Almaniyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa, dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.
Həmçinin, nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Bakı şəhər prokurorluğunun mərkəzi aparatı və Xətai rayon prokurorluğu, habelə 7 saylı ASAN Xidmətin fəaliyyəti ilə tanış olub.
Münhenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.