Baş Prokuror Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən mülki və hərbi prokurorlara tapşırıqlar verib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırıb.
Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə dövlət başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyduğu qeyd edilib.
Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycanın Prokurorluq orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.
Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.
Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi diqqətə çatdırılmaqla prokurorluq orqanlarının daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi deyilib.
Baş prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.