Kafedə cinayət törətmiş şəxsin məhkəmə istintaqı yekunlaşıb

Kafedə cinayət törətmiş şəxsin məhkəmə istintaqı yekunlaşıb Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
2 Avqust , 2017 11:23
Kafedə cinayət törətmiş şəxsin məhkəmə istintaqı yekunlaşıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nicat İbrahimov ifadə verib.

O bildirib ki, hadisə zamanı orada olub: "Özümüzü müdafiə edirdik. Bıçağı onun əlindən almaq istəyirdik. Rəhmanın əlində bıçaq var idi, onu zərərsizləşdirirdik. Gec idi, heç nə görmək olmurdu. Heç kəs bıçaqla özünü sığortalamır".

Məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

İttiham aktına əsasən, cinayət hadisəsi bu ilin fevralında baş verib. O, Keşlə qəsəbəsində yerləşən "Köylü" kafesində Ədalət Həsənovu bıçaqlayıb.

R.Qəhrəmanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

R.Qəhrəmanov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və islah işləri cəzasına məhkum olunub.

Məhkəmədə R.Qəhrəmanov özünü ittiham üzrə təqsirli bilib. Deyib ki, əvvəllər zərərçəkmişi tanımayıb: "Ədaləti orada ilk dəfə görmüşəm və tanımamışam. Mən həmin kafedə masada tək əyləşmişdim, pivə içirdim. Onlar 3 oğlan, 3 qız idilər. Məndən soldakı masada əyləşmişdilər. Ədalət mənə “bizə baxırsan” deyərək üstümə gəldi. Onlara baxmadığımı dedim. Buna əhəmiyyət vermədilər. Ədalətin yanında olan və adlarının sonradan Emin və Nicat olduğunu bildiyim şəxslərdə üstümə gəldilər. Onlar məni kafedə döyməyə başladılar”.

Son xəbərlər

Orphus sistemi