Rəis: "İstismar müddəti bitən atraksionların təkrar yoxlanışını sahibkar aparmalıdır"
- 28 dekabr, 2022
- 08:53
"Parklarda və əyləncə mərkəzlərində olan istismar müddəti bitmiş attraksionların təkrar yoxlamalardan keçməsini mütləq sahibkar aparmalıdır".
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlər üçün keçirilən təlimdə deyib.
O bildirib ki, müfəttişlik tərəfindən parklarda və əyləncə mərkəzlərində attraksionlarla bağlı yoxlamalar aparılır: "Parklarda olan attraksionların bir çoxunun istismar müddəti bitir. Bu o demək deyil ki, həmin attraksion sökülür. Müəyyən yoxlamalar və müayinələr aparılır. Onun növbəti müddət üçün yararlı olub-olmadığı müəyyən edildikdən sonra yoxlamaların nəticəsindən asılı olaraq attraksionların faliyyətinə icazə verilir".
"Təhlükəsizliklə bağlı sertifikatlar alınandan sonra həmin attraksionların fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Yoxlama zamanı attraksionla bağlı təhlükəli hal varsa, dərhal onun fəaliyyəti dayandırılır. Sahibkar tərəfindən də təhlükəsizlik cihazları gündəlik yoxlanmalıdır. Tərəfimizdən diaqnostikalar aparılır. Ayda bir dəfə attraksionlar təhlükəsizliklə bağlı yük vurularaq yoxlanılmalıdır. Attraksionlarla bağlı müəyyən kurslar keçmiş operatorların olması və faliyyət göstərməsi vacibdir" - FHN rəsmisi əlavə edib.