İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB

Hadisə
  • 21 avqust, 2026
  • 13:51
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB

İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) ötən gün saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.

24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Vəziyyətləri yaxşı olan zərərçəkənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Agentliyin əməkdaşları nümunələr götürərək müayinələrə başlayıb, araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.