Yuxarı

​İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Kassasiya şikayəti təmin olunmayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev barəsindəki hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin kassasiya şikayəti təmin edilməyib.

Məhkəmə prosesində İ.Əliyev iştirak etməyib.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişdirməyib.

Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi