Bakıda insan alverində təqsirləndirilən Elnarə Məmmədovaya hökm oxunub və o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Lakin onun himayəsində 5 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. E.Məmmədovanın övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.
Qeyd edək ki, bu ilin mayında 37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
İttiham aktına görə, E.Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib.
Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində "Sovxoz" adlanan ərazidə yaşayıblar. Onlar 1983-cü il təvəllüdlü S. Q., 1997-ci il təvəllüdlü J. Ə., 1999-cu il təvəllüdlü M. Ə. və 1984-cü il təvəllüdlü G. M-dır. Bunlardan yalnız G. M. 2017-ci ildə Aydın şəhərinə aparılıb.
O, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham elan olunub.