Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nazim Vəliyev və Mahir Orucov ifadə verib.
Mahir Orucov ifadəsində bildirib ki, Nərmin Quliyevanın meyiti tapılan zaman evdə olub. Meyit onun yaxın qonşusu Nazim Vəliyevin evinin hasarının yanında aşkarlanıb.
"Pəncərədən çöldən sayrışan işıqlar gördüm, çıxdım baxdım ki, İlkin, Nazim, polis serjantı Murad və digər polis əməkdaşları ordadır. Meyitə yaxınlaşmağa qoymurdular, sadəcə dedilər ki, Nərmin Quliyevanın meyitidir".
Evinin yaxınlığında N.Quliyevanın meyit aşkarlanan Nazim Vəliyev isə ifadəsində bildirib:
"Həyətə çıxanda gördüm ki, meyit yanır, elə İlkin də yanımda idi, zəng etdim polis serjantı Murada ki, bəs belə bir məsələ var, buraya gəl. Murad da rəislə danışıb, sonra mənə zəng edib dedi ki, onun üzərində qırmızı gödəkcə varmı, dedim hə, oda dedi ki, yaxşı meyiti söndürün gəlirik. Biz də polis dedikdən sonra meyiti söndürdük. Aradan təxminən 10 dəqiqə geçmişdi polislər də hadisə yerinə gəldilər. Meyitin üzü hissdən tamam qaralmışdı, tanınmaz halda idi".
Qeyd edək ki, N.Vəliyevin ifadəsi növbəti məhkəmə prosesində də davam etdiriləcək.
Hakimin qərarı ilə növbəti məhkəmə martın 30-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.