"İdeal"ın keçmiş sahibinin məhkəmə istintaqı yekunlaşıb

"İdeal"ın keçmiş sahibinin məhkəmə istintaqı yekunlaşıb Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hadisə
173
20 Dekabr , 2021 15:11
İdealın keçmiş sahibinin məhkəmə istintaqı yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfi vəsatətlərlə çıxış edib.

Vəkil İlhamə Həsənova əlavə sənədlər təqdim edərək, sübutlar siyahısına əlavə edilməsini xahiş edib: “Qarşı tərəf ittihamını onunla əsaslandırıb ki, İsmayılov İlqar İsmayıl oğlu “İdeal Kompani” MMC-də onunla digər təsisçi arasında mənfəətin bölüşdürülməsinə dair heç bir razılaşma olmadan 680 min manat pulu mənimsəyib”.

Daha sonra müdafiə tərəfi “İdeal Kompani” MMC-də 2013-2016-cı illərdə mənfəətin təsisçilər arasında bölünməsini təsdiq edən ittiham tərəfin özünün cinayət işi materiallarına əlavə etdiyi 1C proqram təminatının əks olunduğu yaddaş kartından çıxarışları məhkəməyə təqdim edib.

Bildirilib ki, həmin çıxarışlarda cəmi 5 milyon 833 min 296 manat vəsaitin 2013-cü ilin yanvar ayından başlayaraq, 2016-cı ilin dekabr ayına qədər “İdeal Kompani” MMC tərəfindən dividend formasında digər ortağına ödənilməsi öz təsdiqini tapır.

Müdafiə tərəfi öz vəsatətini əsaslandıraraq məhkəməyə qeyd edib ki, bu sənədlər ittiham tərəfin istintaq zamanı “İdeal Kompani” MMC-də aşkarlayaraq yaddaş kartına köçürüb cinayət işi materiallarına əlavə etdiyi proqram təminatından çıxarılmış sənədlərdir.

Daha sonra vəkillərin məhkəməyə təqdim etdiyi vəsatət 2013-2016-cı illərdə İ.İsmayılov tərəfindən “İdeal Kompani” MMC-yə mədaxil olmuş məbləğlərlə bağlı olub. Vəsatət bununla əsaslandırılıb ki, İ.İsmayılov 680 min manat vəsaitin mənimsənilməsi ittiham elan olunub, lakin yoxlanılan dövrdə təqsirləndirilən şəxsə 2 milyon 717 min ABŞ dolları, 4 milyon 498 min 440 manat və 780 min avro “İdeal Kompani” MMC-nin kassasına mədaxil edib. Müdafiə tərəfi bildirib ki, əgər İ.İsmayılov 680 min manatı məxaric etməkdə ittiham olunursa, onun mədaxil etdiyi vəsaitdən 680 min manat çıxılmalı, hətta ittiham əsaslı olsa belə, bu məbləğ tam olaraq qaytarılıb.

Vəkil İ.Həsənova qeyd edib ki, bütün bu sənədlər istintaqın özü tərəfindən cinayət işi materiallarına əlavə olunmuş yaddaş kartındakı proqram təminatından çıxarılmış sənədlərdir.

İ.İsmayılovun vəkilləri daha bir vəsatətlə çıxış edib. Onlar məhkəmədə sənədlərin tədqiqi zamanı həmin yaddaş kartını açmayıb və bildirilib ki, həmin kartın açılması mümkün deyil. Müdafiə tərəfi söyləyib ki, həmin yaddaş kartının açılması üçün mütəxəssis cəlb edib. Onun köməkliyi ilə yaddaş kartı açıla bilər: “Xahiş edirik ki, həmin yaddaş kartı açılsın və proqram təminatı məlumatları məhkəmədə araşdırılsın. İttiham və müdafiə tərəfinin verdiyi sübutların təsdiq olunub-olunmaması bir daha məhkəmə iclasında aydınlaşdırılsın”.

İttiham tərəfi həmin yaddaş kartının açılmasına və müdafiə tərəfinin verdiyi sənədlərin sübutların siyahısına əlavə olunmasına etiraz edib.

Məhkəmə yekun olaraq müdafiə tərəfin verdiyi sənədlərin materiallara aid olmasına dair vəsatətləri təmin edib. Lakin mütəxəssisin cəlb edilərək proqram təminatının açılması ilə bağlı vəsatəti təmin etməyib.

Məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Növbəti prosesi dekabrın 27-nə təyin edib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi