Yuxarı

İstanbuldakı terror aktıyla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə uçuşlar təxirə salınıb

Hazırda 100-dən çox insan uçuşun taleyini gözləyir

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçuş səhər saatlarınadək təxirə salınıb. "Report"un Bakıdakı hava limanında olan əməkdaşının verdiyi məlumata görə, 100-dən çox insan İstanbula və oradan başqa ölkələrə uça bilməyib.

Onların arasında idmançılar çoxluq təşkil edir. Xüsusən, "Kəpəz"lə Avropa Liqası matçından qayıdan Moldovanın "Daçiya" komandası, Avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər, Bakıdakı atıcılıq üzrə Dünya Kubokundan qayıdan Fransa yığmasının üzvləri və Malta "Baltsan"ı ilə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununa yollanan "Neftçi" klubunun nümayəndələri və jurnalistləri qeyd etmək olar. 

Atatürk Hava Limanındakı hadisə zamanı idman ictimaiyyətinin nümayəndələri də orada olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, "Qəbələ" Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı, "CBC Sport"un rəhbəri Volkan Üst, "Bakı"nın sabiq vitse-prezidenti Tunc Afşar və digərləri özlərini təhlükəsizlik şəraitində hiss etdiklərini bildiriblər.

Qeyd edək ki, Bakı - İstanbul reysi ilə uçuş 02:30-a nəzərdə tutulmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi