Yuxarı
    Bağlamaq

    İsmayıllıda istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

    Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib

    Bakı. 8 iyul. REPORT.AZ/ İsmayıllı rayonundakı “Green House” istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin xəsarət alması hadisəsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

    Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

    Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, hadisə dünən, iyulun 7-də baş verib. Belə ki, istirahət mərkəzindəki hovuza girən 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər sakini Emin Adıgözəlov və Abşeron rayon sakini Gülhüseyn Quliyev ölüb. Zaqatala rayon sakini Eltəkin Umarov və Bakı şəhər sakini Zakir Əliyev xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi