Yuxarı

İŞİD-in tərkibində döyüşən azərbaycanlılara hökm oxunub

Məhkəmə prosesi davam etdirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Məhkəmənin hökmü ilə A.Mahmudov 14 il, E.Əsgər isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ötən il Suriya və İraqda İŞİD-in tərkibində döyüşən azərbaycanlılardan ibarət qrupun üzvlərini saxlayıb.

Nazirlik tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin terrorçuluğa hazırlıq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi