Bakı. 20 fevral. REPORT.AZ/ Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlarlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə "Report"a DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fevralın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilmiş halda 1 kq 85 qr “heroin” aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.



