Yuxarı

​İrandan Azərbaycana 2 kq-a qədər narkotik vasitə keçirilməsinin qarşısı alınıb

DGK faktlarla bağlı araşdırma aparır

Bakı. 1 aprel. REPORT.AZ/ Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Əhmədova Pərvanə Ədahil qızı saxlanılıb və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İlqar Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi