Yuxarı

"İnter" klubunun keçmiş prezidenti Cahangir Hacıyevin məhkəməsində dindirilib

​"İnter" klubunun keçmiş prezidenti Cahangir Hacıyevin məhkəməsində di

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində adı keçən Rauf Xəlilovun ölkə xaricində olduğu elan olunub.

Hakim qeyd edib ki, həmin şahidin həqiqətən də ölkə xaricində olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndəriləcək.

Daha sonra digər şahid Rəşad Qasımov ifadə verib. O bildirib ki, 1994-cü ildən Beynəlxalq Bankda çalışıb. Bankın Mühasibat Uçotu və Nəzarət departamentinin direktoru olduğunu deyən şahid söyləyib ki, 2015-ci ilin dekabrından işdən ayrılıb.

Həmçinin R.Qasımov dindirilən zaman söyləyib ki, keçmiş "İnter" Peşəkar Futbol Klubunun (indiki "Keşlə") bir müddət rəhbəri olub: "Kredit Komitəsinin üzvü olsam da, iclaslarda iştirak etməmişəm. Sonda qərarlara qol çəkmişəm. Vəzifəmlə bağlı işlərim çox idi. Ona görə də iclaslara qatılmırdım".

Məhkəmədə elan olunub ki, şahid R.Qasımov istintaqda "Buta Kichin"ə ayrılmış kredit üzrə ifadə verib.

R.Qasımovun sözlərinə görə, Beynəlxalq Bankın ancaq mühasibatlığına nəzarət edib: "Mən bankdan kredit götürən şirkətlərin işi ilə bağlı maraqlanmırdım. Bu mənim işim də deyildi. Kredit ayrılan şirkət rəhbərlərini belə tanımırdım. Yenə deyirəm, bu məsələlərə Kredit Komitəsi baxırdı və qərarları da onlar verirdi".

O qeyd edib ki, "İnter" klubunun rəhbəri olduğu dövrlərdə Beynəlxalq Bankdan sosial layihə ilə bağlı kredit götürülməyib: "Mən klub prezidenti olan zaman komandanın oyunlarını gedib izləyirdim. Layihələrlə bağlı isə heç bir kredit götürülməyib".

Hakim söyləyib ki, R.Qasımov Beynəlxalq Bankda həmçinin Aktiv və Passivlər departamentinin uzun müddət rəhbəri olub.

Məhkəmədə şahidin ifadəsi elan edilib.

O istintaqda bildirib ki, "Buta Kichin" üçün bankdan bir neçə dəfə tranş olunmaqla 163 milyon dollar akreditlər açılıb: "Kredit Komitəsinin iclasında Emin Mustafayev dedi ki, bankın rəhbəri Cahangir Hacıyevin göstərişi ilə "Buta Kichin" üçün kredit ayrılmalıdır. Cahangir müəllim bildirib ki, bu kreditin açılması ilə bağlı banka heç bir ziyan dəyməyəcək".

R.Qasımov istintaqda dindirilən zaman həmçinin digər şirkətlər üçün Beynəlxalq Bankdan kreditlər ayrıldığını, Kredit Komitəsinin iclasında iştirak edib, sənədlərə imza atdığını etiraf edib: "Təminatsız kreditlərin ayrılması ilə bağlı isə heç bir məlumatım yoxdur. Veksel əməliyyatı ilə bağlı Cahangir Hacıyevin xəbəri olub. Mən bu əməliyyata müdaxilə edə bilmirdim".

R.Qasımov məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Şahid qismində Fuad İslamov da dindirilib. O, 1992-ci ildən Beynəlxalq Bankda çalışdığını, hazırda Korporativ Müştərilərlə İş departamentinin baş direktoru, Kredit Komtəsinin üzvü olduğunu qeyd edib. F.İslamov da istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Daha sonra şahid suallara cavab verib.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi