İntensiv yağış Lənkəranda fəsadlar yaradıb

İntensiv yağış Lənkəranda fəsadlar yaradıb Şəhər ərazisində su basan ərazilərdən suyun təmizlənməsi üçün generatorlardan istifadə olunur
Hadisə
12 Oktyabr , 2016 12:26
İntensiv yağış Lənkəranda fəsadlar yaradıb

Lənkəran. 12 oktyabr. REPORT.AZ/ Ötən gecədən başlayan intensiv yağış Lənkəranda subasmalara səbəb olub.

“Report”un Cənub bürosu xəbər verir ki, şəhərin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi boyunca su kollektorunda suyun səviyyəsinin qalxması ilə nisbətən çökəkdə yerləşən həyətlərə su dolub. 

Akademik Zərifə Əliyeva küçəsinin də bir neçə metrlik hissəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneə yaranıb. Bir neçə həyəti su basıb.

Lənkəran çayında da suyun səviyyəsi xeyli artaraq, ətraf yaşayış evləri üçün narahatlıq yaradıb. Şiləvar kəndində ilkin məlumata görə, 50 -dən artıq təsərrüfata ziyan dəyib. Kosalar kəndində də yeni salınan yaşayış massivindəki evlər su altında qalıb. Girdəni çayı üzərindəki körpüdə qismən qəza vəziyyəti yaranıb. 

Hazırda Lənkəran Yol-İstismar İdarəsinin canlı qüvvəsi və texnikalarının köməyi ilə iş aparılır. Şəhər ərazisində su basan ərazilərdən suyun kənarlaşdırılması üçün generatorlardan istifadə olunur.

Lənkəran Regional Hidrometrologiya müəssisəsinin direktoru Cavid Hüseynov yağıntının oktyabrın 14-dək davam edəcəyi, dağlıq ərazilərdə sula qara keçə biləcəyi, bəzi yerlərdə leysan xarakterli olacağını bildirib. O, çaylarda suyun səviyyəsinin 70 sm artdığını, kiçik çaylarda qısa müddətli daşqın və sel ehtimal edildiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi