İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb Onun barəsində şərti cəza hökmü çıxarılıb
Hadisə
15 Fevral , 2017 17:55
İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Təranə Qarayevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən T.Qarayevanın apellyasiya şikayətləri qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən T.Qarayeva barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) mаddəsi tətbiq olunmaqla, ona 3 il sınаq müddəti müəyyən edilməklə şərti cəza verilib. Onun bаrəsində seçilmiş həbs qətimkаn tədbiri ləğv edilərək, T.Qarayeva məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, Yevlax rayon sakini T.Qarayeva qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən qadınları zəiflik vəziyyətindən sui-istifadə edib aldadaraq hədə-qorxu vasitəsi ilə, cinsi istismar edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və keçirməklə cəlb edib insan alveri məqsədi ilə pasportlarını götürüb saxlayaraq, tamah niyyəti ilə iki və ya daha çox şəxs barəsində insan alveri cinayətini törətdib. O, istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşı Mustafa adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə qadını ölkədən aparıb cinsi istismara məruz qoyub.

Həmin qadınların şikayətindən sonra T.Qarayeva İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, CM-in 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində törədildikdə), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2016-cı il tarixli hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi