Yuxarı
    Bağlamaq

    ​Baş prokuror: "İlkin əməliyyat məlumatlarına görə, tikintidə istifadə olunan materiallara hansısa məhlul qatılmayıb"

    Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib

    Bakı. 20 may. REPORT.AZ/ Bakıda yanğın baş vermiş binanın fasadının təmir olunmasında iştirak edən “Global Construction” şirkətinin rəhbərinin ifadəsinə görə istifadə olunan materiallar Türkiyədən alınıb. Ədliyyə Nazirliyinin ekspertiza institutunun və Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun da mütəxəssisləri istifadə olunan kimyəvi materialları araşdırırlar. İlkin əməliyyat məlumatlarına görə, materiallara hansısa məhlul qatılmayıb. Araşdırmaya məlum olub ki, bu materialın arasında izolyasiya materialı yerləşdirilməlidir. “Report”un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.

    Baş prokuror bildirib ki, "Global Construction” şirkəti ilə icra hakimiyyəti arasında, ümumiyyətlə, müqavilə bağlanmayıb və müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib.

    "Bu işlərə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmaılıdır, Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır, orada razılıq veriləndən sonra bu işlər davam etdirilməlidir", - Z.Qaralov deyib.

    Onun sözlərinə görə, bu şirkət tərəfindən görülmüş işlər nəticəsində daha iki hadisə baş verib - 2012-ci il dekabr ayında Sumqayıt şəhərində və 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində.

    "Ən başlıca məsuliyyətsizlik bu işlərin qeyri-rəsmi aparılmasıdır. Bu səbəbdən icra hakimiyyətində də günahkar şəxsləri müəyyənləşdiririk, onlar barəsində də bu tədbirlər görüləcək", - baş prokuror deyib.

    Onun sözlərinə görə, istintaq əməliyyat qrupu tərəfindən 100 nəfərdən artıq şahid dindirilib, müxtəlif ekspertizalar təyin edilib, qəsdən yandırılması fərziyyəsi də araşdırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi