“İkinci Nardaran işi”ndə təqsirləndirilənlər ifadə veriblər

“İkinci Nardaran işi”ndə təqsirləndirilənlər ifadə veriblər Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib
Hadisə
3 Fevral , 2017 17:52
“İkinci Nardaran işi”ndə təqsirləndirilənlər ifadə veriblər

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Yəhyayevin müdafiəçisinin qaldırdığı vəsatət müzakirə olunub. Vəkil A.Yəhyayevə məxsus olan və istintaq orqanı tərəfindən maddi sübut kimi götürülən avtomobili onun ailə üzvlərinə qaytarılmasını tələb edib. Təqsirləndirilən şəxs övladının xəstə olduğunu, maşını satıb müalicəyə xərcləmək istədiklərini deyib. Vəsatət təmin olunmayıb.

Daha sonra təqsirləndirilən N.Qəhrəmanov sərbəst ifadə verib. N.Qəhrəmanov qeyd edib ki, onların terrorla heç bir əlaqələri yoxdur.

Təqsirləndirilən Ə.Əliyev dindirilərkən bildirib ki, o, oğlanları və qardaşı oğlu ilə birlikdə həbs olunub. O, günahının olmadığını, nə deyiblərsə oğlanlarına görə imzaladığını söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə cinayət işi başlanılıb. Daha sonra E.Qasımov barəsində başlanılan cinayət işinə daha 11 maddə əlavə olunub. O, Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (terroçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham edilir.

Nardaran hadisələri ilə bağlı Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Orphus sistemi