Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb - YENİLƏNİB

Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb - YENİLƏNİB Həbsdə olan sabiq deputat Hüseyin Abdullayev infarkt keçirib.
Hadisə
9 Avqust , 2024 16:58
Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb - YENİLƏNİB

Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, o, bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:

"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir."

10:35

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

Məlumatı "Report"a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.

Onun sözlərinə görə, keçmiş müvəkkili Hüseyn Abdullayevin səhhəti ilə bağlı ailəsi ona məlumat verib: "Ailəsindən bildirdilər ki, bir müddətdir Hüseyn Abdullayevin səhhətinə problemlər yaranıb. Hüseyn Abdullayev saxlanıldığı Bakı İstintaq Təcridxanasının müayinə mərkəzinə aparılıb və orada həkim qəbulundan keçib. Ona exokardioqrafiya olunması məsləhət görülüb".

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi