Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə təlim keçirib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub. Təlimə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Ssenariyə əsasən, Bakı hava limanının sərnişin terminalları və parklanma ərazisində yanğın hadisəsi barədə şərti məlumat daxil olub.
Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb.
Bundan əlavə, təlimdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da icra edilib.
Simulyasiyalarda bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.