Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb

Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib
Hadisə
16 Fevral , 2017 14:49
Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

A.Məmmədov məhkəmədə ifadəsində bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

A.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi