​Hətəmpaşanı qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb

​Hətəmpaşanı qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
4 Avqust , 2016 14:51
​Hətəmpaşanı qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahlar Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2015-ci ildə Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov, 26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.

Ş.Əliyev Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il may ayının 2-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, qətlə yetirilən A.Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Son xəbərlər

Orphus sistemi